15 September, 2009
Araz Əzimovdan sonra nazirin ABŞ-a səfəri Türkiyə-Ermənistan münasibətləriylə izah olunur
BMT Baş Məclisinin 64-cü sessiyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcək xarici işlər naziri Elmar Məmmədyarovun səfəri bu dəfə əvvəlkilərə nisbətən daha uzun sürəcək. Xarici Işlər Nazirliyinin mətbuat xidməti səfərin bir qədər uzun keçməsini BMT Baş Məclisi çərçivəsində GUAM-ın üzvü olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasıyla izah edib.
BMT Baş Məclisinin 64-cü sessiyasının gündəliyinə eyni zamanda GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı müzakirələr daxil edilib. Bəzi ekspertlərin fikrincə, Məmmədyarovun səfərinin daha uzun çəkməsi Türkiyə-Ermənistan danışıqları, Qarabağ problemiylə bağlıdır. Onu da qeyd edək ki, bir müddət əvəl xarici işlər naziri Araz Əzimovun da ABŞ-a uzunmüddətli səfəri reallaşmışdı.
AXCP sədrinin müavini Razi Nurullayevin fikrincə, E.Məmmədyarovun bu cür uzunmüddətli səfəri bir neçə amillə bağlı ola bilər. R.Nurullayev hesab edir ki, onlar sırasında Azərbaycan hakimiyyətinin ABŞ-ın yeni administrasiyası ilə münasibətlər qurmaq istəyi də ola bilər: “ABŞ-ın yeni administrasiyasının Azərbaycan hökumətinə münasibəti birmənalı deyil. Corc Buş administrasiyası ilə vaxtilə yaradılan əlaqələr bu gün yoxdur. Ona görə də Azərbaycan hökuməti yeni administrasiya ilə bu sahədə olan boşluğu doldurmaq istəyir”. Səfərin müddətinin Ermənistan-Türkiyə sərhədlərinin açılması və Qarabağ probleminin həllinə görə uzadılması fikrinə gəlincə, R.Nurullayev bunu istisna etmir. “ABŞ hazırda Qarabağ probleminin həlli istiqamətində səylərini artırıb. Görünür, Məmmədyarovun da səfərinin uzanmasının səbəbi Qarabağ probleminin həllində tərəflərin mövqeyini yaxınlaşdırmaq, Azərbaycandan daha çox kompromis əldə etməkdir”, deyə R.Nurullayev vurğuladı.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, BMT Baş Assambelyasının 64-cü sessiyasında iştirak etmək üçün E.Məmmədyarovun ABŞ-a 6 günlük səfərində qeyri-adi heç nə yoxdur. E.Şahinoğlu bildirdi ki, E.Məmmədyarov BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yeni qətnamə irəli sürməyəcək: “Rəsmi Bakı üçün BMT-də bundan əvvəl qəbul edilən qətnamələr yetərlidir, görünür, əlavə diplomatik enerji xərcləməyə ehtiyac yoxdur. Məsələnin qəliz tərəfi bir də ondadır ki, oxşar qətnamələri irəli sürərkən, bir qrup dövlət ərazi bötüvlüyünə səs verməyin ya əleyhinə olur, ya da bitərəf qalır. Bu bir tərəfdən yaxşıdır ki, dostlarını və düşmənlərini tanıyırsan, o biri tərəfdən isə ikincilərlə münasibətlərdə müəyyən problemlər yarana bilər. Məsələn, bugünlərdə Gürcüstan ”GUAM ərazisində dondurulmuş münaqişələr və onların sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” məsələsi əsasında BMT Baş Assambleyasının Abxaziya və Cənubi Osetiyadan olan məcburi köçkünlərlə bağlı qətnaməni səsverməyə çıxarmışdı”.
Ölkənin baş diplomatının okeanın o tayına yalnız BMT sessiyasında iştirak və orada çıxış etmək üçün yollanmadığını deyən E.Şahinoğlu bildirdi ki, onu ABŞ-da ikitərəfli görüşlər və müxtəlif mövzuların müzakirəsi gözləyir: “Bu sırada Dağlıq Qarabağ münaqişəsinin həlli, Türkiyə-Ermənistan münasibətlərinin durumu, ABŞ-la strateji əlaqələrin inkişafı yollarının müzakirəsi dayanır. ABŞ Minsk qrupuna yeni həmsədr təyin edib. Yəqin Məmmədyarov onunla da görüşəcək. Amerikalı həmsədr Robert Bradtkenin Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışı maraq doğurur. Azərbaycanda yeni həmsədrə müəyyən qədər ehtiyatlı yanaşma müşahidə olunur. Bu da onunla bağlıdır ki, Bradtke vaxtilə Kosovonun müstəqilliyini dəstəkləyənlərdən biri idi. Ancaq ABŞ və ümumiyyətlə, Qərbin Kosovo ilə Dağlıq Qarabağ arasında fərq qoyduqlarını da unutmamaq lazımdır. Odur ki, Bratkenin Dağlıq Qarabağ münaqişəsinin həllində Metyu Brayzadan fəqli mövqe ortaya qoyacağını gözləmək yersizdir”.
E.Şahinoğlunun fikrincə, amerikalı həmsədr Məmmədyarovla görüşdə onu yanaşmanın dəyişməyəcəyinə inandırmağa çalışacaq. Məmmədyarovun türkiyəli və erməni həmkarlarıyla görüşlərinin də gözlənildiyini deyən ekspert sonda əlavə etdi ki, Türkiyənin xarici işlər naziri ilə görüşdə Türkiyə-Ermənistan arasındakı dialoqa bir daha nəzər yetiriləcəyi şəksizdir.
Xəyal
share this: facebook
No comments:
Post a Comment