Razi Nurullayev: "İran isə bu müqavilənin şərtlərini tanımır"
İran iştirak etmədiyindən Aktauda Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya prezidentlərinin görüşündə Xəzərin statusu məsələsi müzakirə edilmədi. Görüşə dəvət edilməyən İran bunu çox sərt qarşılayıb. Rəsmi Tehran sammitə dəvət olunmamasına kəskin etiraz edərək bəyan edib ki, onun iştirakı olmadan Xəzərin statusunun müzakirəsi yolverilməzdir.
Rusiya prezidenti də mətbuata açıqlamasında bildirib ki, sammitdə daha çox dünyadakı iqtisadi məsələlər müzakirə olunacaq.
Amma bütün bunlara baxmayaraq, sammit daha çox Xəzərin statusu məsələsini gündəmə gətirdi.
Statusla bağlı Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeləri aydındır. Hər üç dövlət Xəzərin dibinin bərabər, su səthinin isə sərhədlərə görə bölünməsinin tərəfdarı olsa da, İran və Türkmənistan dənizin beş ölkə arasında bərabər bölüşdürülməsini istəyir. Düzdür, Türkmənistanın mövqeyində müəyyən yumuşalmalar müşahidə olunsa da, İran əvvəlki təkliflərindən geri çəkilməyib.
Hətta İran digər Xəzəryanı dövlətlərdən fərqli olaraq Azərbaycanla ikitərəfli müqavilə bağlamayıb.
Dənizin dibinin bölünməsinin aralıq xəttinin müəyyən edilməsi məsələsində Azərbaycan, eləcə də Rusiya və Qazaxıstan beynəlxalq sənədlərə əsaslanır. Dənizlərin, göllərin və s. sərhədlərini təyin edən xətlərin çəkilməsi həmin sənədlərin bazasında həyata keçirilir. Azərbaycan mövcud metodikaları tətbiq edib və öz orta xəttini müəyyən edib. Daha sonra Rusiya da həmin metodika ilə öz xəttini işləyib. Qazaxıstan da bu metodikanın tərəfdarı olub. Bu üç dövlət beynəlxalq təcrübə, bu hüquqi sahədə fəaliyyət göstərən beynəlxalq sənədlər əsasında saziş bağlayıb. Türkmənistan isə orta xəttin müəyyən edilməsinin tamamilə başqa, dünyanın heç bir yerində tətbiq edilməyən metodikasını irəli sürür - bu, "en dairəsi metodu"dur. Lakin bu metod ideal kvadrat olduğu halda tətbiq olunur. Xəzər dənizi isə kvadrat formaya deyil, girintili-çıxıntılı sahil xəttinə, ada və yarımadalara malikdir.
Müşahidələr göstərir ki, Türkmənistan status məsələsində ortaq məxrəcə gəlmək niyyətindədir. İran isə heç bir konvensiyaya söykənməyən mövqeyindən əl çəkmək istəmir. Politoloq Razi Nurullayev qəzetmizə açıqlamasında bildirdi ki, İranla Azərbaycan arasında Xəzərin bölünməsilə bağlı tam aydınlıq yoxdur: "Xəzərin Azərbaycana aid hissəsində yerləşən yataqlarla bağlı İranın iddiası var. Məsələ burasındadır ki, İranla Azərbaycan arasında Xəzərin bölünməsilə bağlı tam aydınlıq yoxdur. Həmçinin ərazi sularının bölünməsilə bağlı problem var. Azərbaycan SSRİ dövründə İranla bağlanan müqaviləyə əsaslanır. İran isə bu müqavilənin şərtlərini tanımır. Düzdür, Azərbaycanın Türkmənistanla da müqaviləsi yoxdur. Amma Türkmənistan Avropa Birliyinin emissarlarının şirnikləndirici təkliflərindən sonra iddialarından geri çəkilməyə razılaşıb. Türkmənistanın Xəzərdə hərbi donanma yaratması da Avropa Birliyi və Azərbaycanla razılaşdırılmış bir addımdır. Türkmənistan müstəqil siyasət yürütmək istəyir ki, bu da Rusiyanın maraqlarına cavab vermir".
http://www.baki-xeber.com/2009/09/15/get=33482
share this: facebook
No comments:
Post a Comment