15 September, 2009, 21:13
Razi Nurullayev: “Ola bilsin Azərbaycan Rusiyadan kənar gedən kəmərləri dəstəkləsə də, digər tərəfdən artıq mövcud borularda onun maraqlarını nəzərə alır”
Xəzər statusu, enerji məsələləri ilə bağlı danışıqlarda Rusiyanın əsas məqsədi Qərbi bu regiona yaxın buraxmamaqdır. Dörd Xəzəryanı dövlət başçısının Aktau görüşü də məhz buna hesablanıb. Lakin prezident İlham Əliyevin görüşü vaxtından əvvəl tərk etməsi, Rusiya prezidenti ilə gözlənilən görüşün baş tutmaması, həmçinin bu günlərdə sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovun Polşada keçirilən iqtisadi forumda səsləndirdiyi fikir Azərbaycanın fərqli mövqedə olmasına işarə edir. Belə ki, nazir müavini heç vaxt Rusiyadan yan keçən qaz kəmərlərinin çəkilişinə maneçilik törətməyəcəklərini deyib. Onun sözlərinə görə, Azərbaycan hər zaman Avropaya alternativ qaz tədarükü layihələrində fəal iştirak edib və edəcək. Bütün bunlar Azərbaycanın enerji məsələsində daha çox Qərbə üz tutmasının göstəricisi sayıla bilər.
Məsələyə münasibət bildirən politoloq Razi Nurullayev Rusiyaya qarşı belə bir bəyanatın verilməsinə bir qədər şübhə ilə yanaşdığını vurğuladı: “Burda hər hansı digər məqam olmalıdır ki, belə bir fikir bildirilsin. Ola bilsin, Azərbaycan Rusiyadan kənar gedən kəmərləri dəstəkləsə də, digər tərəfdən artıq mövcud borularda onun maraqlarını nəzərə alır. Azərbaycan Rusiyadan kənar layihələrdə iştirak edə bilər və bəyanatlar verə bilər. Ancaq bu razılaşdırılmış məsələ də ola bilər. Yəni Rusiyaya qarşı hər hansı bir addım olanda Azərbaycan buna qarşı çıxacaq”. Politoloq son zamanlar Türkmənistanın da Rusiyanın maraqlarına zidd addım atdığını yada salaraq, bütün məsələlərə kompleks şəkildə yanaşmağın vacibliyini vurğuladı: “Problemlərə kompleks şəklində baxmaq olar. Türkmənistan Xəzər dənizində hərbi donanma yaratmaqla bağlı qərar qəbul etdi. Bunun ardınca Berdımuhəmmədov ölkəsinin Nabuccoya qoşulacağını bəyan etdi. Bu da Rusiyanın maraqlarına ziddir. Çünki belə olan halda Türkmənstan qazı Rusiyadan yan keçəcək. Medvedev Türkmənistandan istədiyini ala bilməyib. Yəni bütün bunlar regionda Rusiya ilə İranın təklənməsinə yönəlik hərəkətdir. Ola bilsin ki, Azərbaycan da bu məsələlərdən ruhlanaraq belə bir bir addım atır”.
Fizzə
share this: facebook
No comments:
Post a Comment