Tuesday, August 11, 2009

Saxta seçkilərin əsasını Babək qoyub



Razi Nurullayev
raznur@aol.com

07 -08 -2009 . Saxta seçkilərin əsasını Babək qoyub


Babək Xürrəmiddən bu günə keçmişimiz və bu günümüzə fəlsəfi-tragekomedik yanaşma

Çoxluğun fikirləşdiyi kimi, mən də Azərbaycanda demokratiyanın səviyyəsindən razı deyiləm. Çünki, demokratik cəmiyyətdə dost dostdan, cəbhədaş cəbhədaşdan, hərakatçı hərakatçıdan xəbərçilik, donosçuluq etməyə məcbur edilmir. Demokratik cəmiyyətdə, bir-iki saat əvvəl yemək yeyib, sağlığına badələr qaldırıb şirin tostlar dediyin dostların, can qardaşların ya təzyiq, ya da dünya malının təsiri altında üzünə durmur. Bakıda tikilən keyfiyyətsiz yaşayış binalarında, milyonların oğurlandığı iddia olunan təzə tikilən eybəcər körpülərdə, hətta, az qala Hondurasda baş verən dövlət çevrilişində və keçmiş Peru prezidenti Alberto Fuximorinin rüşvət verməsində və üsyançı maoistlərin hüquqlarınn pozulmasında da sənin əlinin olduğunu təsdiqləmir.

Norevç hara-Azərbaycan hara?

Burada məsələnin məsuliyyətini heç də hüquq-mühafizə orqanlarında və ya hakimiyyət yetkililərində axtarmaq tam düzgün deyil. Necə olur ki, fəxr etdiyimiz milli adət-ənənələrimizi, böyüyə-kiçiyə hörməti, dostluğa sədaqəti unudaraq, dünyanın ən qədim xalqlarından biri olan, Norveç səyahətçisi Tur Heyerdalın belə şəninə tərif yağdırdığı və norveçlilərin də ulu babaları olmaq şərəfinə nail olan Azəri Türkü (Qobustan qayaüstü rəsmlərində qatlama qayıqların şəkillərin görən alim məhz əcdadlarının bu ərazidən gəlməsi fikrini irəli sürür) oğurluğa, bir-birinin cibinə girməyə, vəzifə borcunu rüşvətlə yerinə yetirməyə, yeraltı və yerüstü sərvətlərə öz malı kimi baxmağa vadar oldu? Norveç hara, Azərbaycan hara? Bəlkə bunun günahı yerli coğrafi şəraitdir-bu havanı udan, suyu içən, torpaqda gəzən məhz belə olmalıdır.

Niyə Babəkə oxşamaq istəmirdim?

Bizdə satqınçılıq, yalançılıq və yaltaqlıq indi ən populyar keyfiyyətlərə çevrilməsi səbəblərini və günahkarın axtarışı üçün problemin kökünü araşdırımağ məni sövq etdi.

Araşdırmalarım məni bizim hamımıza məlum tarixə - Məzdəkilərdən əmələ gələn Xürrəmidlərin banisi Babək və onun müəllimi, ata dediyi Cavidanın arvadının üzərinə qaytardı. Çünki, lap uşaqlıqdan bizə deyirib ki, igid, cəsarətli, mərd, qeyrətli Babəkin övladlarıyıq. Ona oxşamağa çalışmalıyıq. Onun kimi vətəni sevməliyik. Mən uşaqlıqdan bir şeyi tam dəqiq dərk edirdim şəxsən mən ona oxşamaq istəmirəm. Niyəsinə gəldikdə bu bizim nəslimizin genetik kökləri ilə bağlıdır. Bunun elmi izahını etmək üçün isə bir neçə səbəbim var.

O bütpərəst, ya da atəşpərəst olub, İslam dininə qarşı dolayısı yolla da olsa, mübarizə aparıb. Azərbaycanın bütövlüyü və azadlığı uğrunda çalışmasını və bu yolda həlak olmasını təqdir etsəm də, bunun da arxasında təmiz niyyətlərin olmasında şübhələrim var. Ikincisi, o hakimiyyətə xalqın seçimi ilə deyil, qadının seçimi ilə gəlib. Bu qəbahət deyil. Qəbahət olan onun hakimiyyətə gəlməsi fəlsəfəsidir. Bax, bu iki səbəb üzündən ondan olduğumu inkar edirəm. Həm də, nəinki inkar edirəm, Azərbaycanın onun dövründən bu günə kimi olan siyasi və mental problemlərində Babəki günahkar bilirəm.

Babək necə seçildi?

Babək doğrudanmı Xürrəmilərin rəhbəri seçildi? Bu proses demokratık yolla keçirildimi? Xeyr! Bəlkə də, hörmətli oxucular, Azərbaycanda doğru-dürüst seçkilərin keçirilməməsinə elə bu prizmadan yanaşmaq lazımdır? Özümüzə qəhrəman seçdiyimiz insan saxta yolla, yuxarının tapşırığı ilə Xürrəmilərin rəhbəri seçilərək, Azərbaycan tarixində ilk saxta seçki ənənəsinin əsasını qoydu. Bu seçkidən başlayaraq bütün seçicilər ancaq bir nəfərin iradəsi ilə seçilməyə başladı. Bu gün də həmin ənənənin davam etməsində qeyri-adi heç nə yoxdur.
Babək necə seçildi? Babək Xürrəmilərin rəhbəri Cavidanın yanında xidmət göstərərək, bəzi malikanələrə rəhbərlik edən zaman, təkcə Cavidanın və yoldaşlarının yox, həm də onun xanımının rəğbətini qazanmışdı. Bu rəğbət, onun göstərdiyi qəhramanlığın sayəsində yox, oxuculardan üzr istəyirəm, alfons olması ilə bağlı idi. Cavidanın arvadının hələ ərinin sağlığında onunla eşq məcarası yaşaması da fikri də doğa bilər. Tarixi faktlar (bəlkə də bu da var, amma gizlədilir) olmasa da, Babəkin Xürrəmilərin başçısı seçilməsində onun göstərdiyi “ fiziki fədakarlıq” bunu deməyə əsas verir.

Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olarkən arvadı döyüşçülərin hamısını toplayaraq, onun vəsiyyətini bu sözlərlə çatdırır: \"Yoldaşlarıma xəbər ver-bilirəm ki, bu gecə ölməliyəm- de ki, ruhum mənim cismimdən Babəkin bədəninə geçir. Onun ruhuna qovuşur və o sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki,bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, Məzdəkin təlimini bərpa edəcək, sizin aranızdakı ən mağmınlar iftixar, alçaldılmışlar yüksəliş tapacaq.\"

Nigah mərasmi belə keçdi…

Ərəb tarixçisi Məhəmməd ibn İshaq baş verənləri belə təsvir edir: Döyüşçülər xanımdan soruşdular: \"Nəyə görə ölümqabaqı o, bunları özü bizə söyləmədi?\" O cavab verdi: \"Siz hərəniz bir kəndə səpələnmişdiniz. Əgər o hər birinizin ardınca çapar göndərsəydi, ərəblər bundan xəbər tutar və onun can üstə olmasından istifadə edərdilər. Buna görə də o, mənə tapşırdı ki, sizi yığım, vəsiyyəti eşidəsiniz və əməl edəsiniz.\" Kəndlilər dedilər: \"Danış, sağ ikən biz ona tabe olmuşuq, öləndən sonra da onun iradəsinin ziddinə getməyəcəyik.\" Dul qadın sözünə davam etdi: \"Onun son sözləri budur: “Mən bu kecə ölməliyəm, ruhum bu gəncin, qulluqçumun (o, Babəki göstərdi) cisminə qovuşacaq. Mən öz silahdaşlarım üzərində rəhbərliyi ona vermək qərarına gəlmişəm. Kim buna qarşı çıxsa və mənim iradəmə zidd getsə, qoy ona lənət olsun.\"

Onda hamı bir ağızdan dedi: \"Biz razıyıq\". Qadın əmr etdi ki, bir öküz gətirib kəssinlər, dərisini soyub yerə sərsinlər, onun üzərinə bir qab şərab və çörək tikələri qoysunlar. Bütün bunlar ediləndən sonra o, hamını bir-bir çağıraraq, dedi: \"Ayağını dərinin üzərinə qoy, bir tikə çörək götür, şəraba batırıb ye və söylə: “Ey Bəbəkin ruhu, mən sənə əvvəllər Cavidanın ruhuna inandığım qədər inanıram”. Sonra Babəkin əlini əlinə al, əyil və öp.\" Hamı belə etdi. Sonra ziyafət başladı. Üç dəfə içdilər, Cavidanın dul arvadı xoş qoxulu otları götürüb Babəkə verdi. Onların nigah mərasimi belə keçdi. Bu 816-cı ildə baş verdi.

Ermənilərin yüksək vəzifələrə gətirilməsi Babək dövründən başlayıb

Babək Cavıdanın arvadı ilə gizli sövdələşməyə gedərək, tariximizdə ilk saxtakarlıq nümunəsinin əsasını qoyub. Bütün bunlara baxmayaraq, fərd kimi Babəkin apardığı milli azadlıq mübarizəsini kölgə altında qoymaq istəməzdim. Əgər o, doğrudan da, Azərbaycanın azadlığı uğrunda mübarizə aparırdısa, o zaman alqışa layiqdir. Amma yenə də başa düşə bilmirəm ki, öz fərdi azadlığını və hakimiyyətini ümumi mənafeyə qurban vermək istəməyən Babək niyə türk əsilli Afşinlə razılığa gələrək, ölkəni tam işğaldan azad etmək üçün heç bir addım atmadı? O zaman ki, böyük dövlətlər yox idi, neft maraqları toqquşmurdu. BTC neft kəməri yaxud NABUCCO qaz kəməri ideyası doğulmamışdı. O zaman heç nə yox idi. Sadəcə, bir türkün o biri türkə təklifi və bu təkilfdən doğa biləcək TURAN var idi.

Babəkin bu tarixi səhvi, türk qardaşlarına etibar etməyərək onlara qarşı xəyanəti onun erməni əsilli məmur (Səhl ibn Sunbat) təyin etməsi və sonda da onun tərəfindən xəyanətlə cəzalandırılır. Çünki Babəkin zamanından başlayaraq bu gün də ən yüksək vəzifələrə ermənilərin gətirilməsi adər halın aldı və bizim bəlalarımızın əsl kökü məhz Babəkin uğursuz idarəçilik qabiliyyəti ilə birbaşa bağlıdır. Çünki müasir Azərbaycanda da yenə hakmiyyətdə olan bəzi məmurlar erməni əsillidirlər. Yenə-yenə-yenə-yenə.

Müasir Azərbaycan filosofu Asif Ata deyir ki, “Babəki satmaqla Səhl İnsaniliyi satdı। İnsanlıq varidata satılırdı: Vicdan, Namus, Qeyrət”. Böyük filosofun fikirlərini şübhə halına almaq istəməzdim, lakin, mənə elə gəlir ki, bəli, satqınçılıq etmək insanlığa zidd olan xarakterdir. Bu fikrində böyük filosof haqlıdır. Amma, Babəki Səhl satmasaydı da, o yenə də xəyanətin qurbanı olacaqdı və xəyanətin cəzasını almalı idi...Çünki biz “yenə”lərdən yaxa qurtamadıqca xəyanətlər davam edəcək.

http://www.bizimyol.az/?mod=news&act=view&nid=27401


share this: facebook

No comments: