Monday, August 31, 2009

İcmal Türkmənistan Rusiyaya xof gəlir?

Aqşin Rafiqoğlu, İcmal

www.anspress.com

Politoloq Razi Nurullayev: "Aşqabad Moskvadan uzaqlaşmaq niyyətindədir"

“Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov ölkənin dəniz sərhədinin möhkəmləndirilməsi üçün hərbi-dəniz qüvvələri bazasının yaradılmasının arxasında İran dayanır”. Bu sözləri ANS PRESS-ə Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DİUC) həmsədri, politoloq Razi Nurullayev deyib. Onun sözlərinə görə, Türkmənistanın həbri-dəniz donanması yaratmaq istəməsi artıq bir neçə ildir ki, Türkmənistanın gündəliyində olan məsələdir: “Məlum olduğu kimi, bu respublikanın neytrallıq statusu BMT Baş Assambleyasının xüsusi qətnaməsi ilə rəsmi şəkildə təsdiqlənib və Türkmənistan beynəlxalq nüfuzuna zərbə vurmamaq üçün belə addım atmaqdan çəkinirdi. Ölkə konstitusiyası, “Türkmənistanın daimi neytrallığı” Qanunu, “Neytral dövlət kimi Türkmənistanın xarici siyasət konsepsiyası”, “Müstəqil, daim neytral Türkmənistanın hərbi doktrinası”na müvafiq olaraq respublika hərbi ittifaq və bloklara daxil olmur, öz ərazisində əcnəbi dövlətlərin hərbi bazalarını yerləşdirmir”.
Politoloq qeyd edib ki, Türmənistanın bu addımı atmasında ona köməkliyi İran İslam Respublikası göstərib. Onun sözlərinə görə, bu addımın arxasında Xəzərin statusunun müəyyənləşməsində digər 3 dövlətlə razılığa gələ bilməyən bu iki dövlətin birlikdə və hərbi güclə müşaiyyət olunan danışıqlarda daha inandırıcı olma konsepsiyası dayanır: “İranın bu addımında qəribə heç bir meyl yoxdur və bu, Azərbaycan-Qazaxıstan-Rusiya "üçlüyü"nə yönəlib. Demək lazımdır ki, Türkmənistanın bu addımı Azərbaycana qarşı əzələ nümayişi deyil və iki dost, qardaş ölkələr arasında münasibətlərin korlanması və hərbi müstəviyə keçməsi inandırıcı deyil. Bu ittifaq, əsasən Rusiya Federasiyasına qarşıdır".
Politoloqun fikrincə, Rusiyanın Türkmənistanla istədiyi dildə danışması və onu cəzbedici Avropa layihələrindən kənar saxlaması Türkmənistanın daxili və xarici maraqlarına zıddır: “Bu ölkə Rusiyanın təzyiqləri ucbatından müstəqil iqtisadi və xarici siyasət yeritmək imkanlarından məhrum olduğundan yaxın illərdə Rusiyadan az da olsa uzaqlaşmaq niyyətindədir. Bu məsələdə "Nabukko" layihəsi də Türkmənistanın Rusiyadan uzaqlaşmasında əhəmiyyətli rol oynamaqdadır. Buna görə də, Türkmənistanın birdən-birə Xəzərdə hərbi-baza yaratması istiqamətində addımlar atacağını deməsi, İranla yanaşı Avropa dövlətləri ilə də razılaşdırılıb. Buna görə də Avropa dövlətlərinin Türkmənistanın bu addımına müsbət yanaşacağı və ona bu işdə köməklik göstərməsi də çox gözləniləndir”.

© 2006-2009 ANS-PRESS

http://www.anspress.com/index.php?lng=az&pid=1387


share this: facebook

No comments: