Ekspertlər hesab edir ki, neftin bahalaşması sadəcə büdcədəki müəyyən kəsirləri dolduracaq
25.08.2009 14:03
Kateqoriya: İqtisadiyyat
ANS PRESS
Dünya bazarlarında neftin qiyməti artmaqda davam edir. Bu, əsas birja indeksi səviyyəsinin artması fonunda baş verir. Belə ki, Londondakı İCE (İnterContinental Exchange Futures) birjasında “Brent Crude Oil” markalı neftin qiymətində 0,07 dollar artım qeydə alınıb və bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 74,26 dollara çatıb.
Nyu-Yorkdakı NYMEX (New York Merchantile Exchange) birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir bareli 0,48 dollar bahalaşıb və 74,37 dollara satılıb.
Bizi isə başqa suallar maraqlandırır. Görəsən, neftin qiymətinin artımı bizə nə verir? Yəni sadə vətəndaşları, «qara camaat»ı nəzərdə tuturuq. Bizi düşündürən budur ki, görəsən, neftin qiymətinin artımı bizim şəxsi büdcəmizə, cibimizə, güzəranımıza nə cür təsir edəcək?..
Elə bunu nəzərə alaraq ANS PRESS ekspertlərə müraciət etdi və onların münasibətini öyrəndi.
Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü Razi Nurullayev ANS PRESS-ə bildirib ki, neftin qiymətinin qalxması olduqca müsbət haldır. Onun sözlərinə görə, bu artım Azərbaycan büdcəsində olan müəyyən boşluqları doldura bilər: «Amma təəssüf edirəm ki, neftin qiymətinin qalxması sadə vətəndaşın güzəranında özünü heç cür göstərmir, əhalinin aldığı maaş və təqaüdlərə heç bir təsiri olmur».
DİUC həmsədri deyir ki, vətəndaşının maaşında və ya təqaüdündə üç ayda bir dəfə 10-15 manat artımın olması, hər gün artmaqda olan qiymətlərlə tərs mütənasiblik təşkil edir: «Amma bir tərəfdən ümid etmək olar ki, neftin qiymətinin qalxması neft sahəsində çalışan işçilərin əməkhaqlarının artımına müəyyən kömək edə bilər».
İqtisadçı Rövşən Ağayev isə ANS PRESS-ə bildirib ki, şəxsən onun özünə neftin qiymətinin qalxmasının heç bir təsiri yoxdur. Amma deyir ki, büdcədən maliyyələşən təşkilatlar üçün neftin qiymətinin cüzi artımı da olduqca böyük təsir edə bilər: «Bu gün Azərbaycan vətəndaşlarının 3/1-i büdcədən asılı vəziyyətdədir. Bu, təxminən Azərbaycan əhalisinin 30-40 faizini təşkil edir. Üstəlik məmləkətdə 3 milyondan artıq müxtəlif formalı təqaüdçülər, pensionerlər var. Buna görə də neftin qiymətinin artımı olduqca müsbət haldır».
R.Ağayevin sözlərinə görə, bütün bunlarla bərabər neftin qiymətinin qalxmasının «qara camaat»a elə bir xeyiri yoxdur: «Azərbaycanda neftin qiyməti 40-50 dollar olanda da, hələ üstəlik ötən il 80-100 dollara qalxanda da, vətəndaş həmin maaşını, həmin məvacibini alırdı».
http://www.anspress.com/index.php?lng=az&nid=750
share this: facebook
No comments:
Post a Comment